Əfqanıstan və Tacikistan sərhədçiləri toqquşub, itkilər var  

09:46 29.08.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əfqan mediası Tacikistan sərhədçiləri ilə “Taliban” silahlıları arasında sərhəddə toqquşma baş verdiyini, nəticədə bir “Taliban” üzvünün öldüyü, dördünün isə yaralandığı bildirilir. Məlumata görə, toqquşmadan sonra iki ölkənin sərhədçiləri görüşüb, danışıqlar aparıb.

Hafta.az-ın yazdığına görə, “Shana” xəbər verir ki, toqquşma avqustun 24-də Əfqanıstanın Bədəxşan əyalətinin Dovanq sərhəddində, Tacikistanın Xatlon vilayətinin Şəmsiddin Şoxin rayonu ilə həmsərhəddə baş verib.

Mənbənin sözlərinə görə, münaqişəyə Çin mədən şirkətlərinin irəliləməsi nəticəsində Pənc çayının yatağının dağılması səbəb olub.

Nəşr yazır: “Taliban”çılar Dovanqa faydalı qazıntılar çıxarmaq üçün gəldikdən sonra onlar Tacikistan sərhədçilərinin sərt cavabı ilə üzləşiblər. Ağır silahların da istifadə olunduğu toqquşma nəticəsində bir “Taliban” üzvü ölüb, dördü yaralanıb”.

Eyni zamanda, Əfqanıstan xəbər agentliyi tərəflər arasında görüş və danışıqların videosunu yayıb və qeyd edib ki, Əfqanıstanın Bədəxşan əyalətinin Şəhribuzurq rayonunun Dovanq rayonunda tacik sərhədçiləri “Taliban” nümayəndələri ilə görüşüblər.

Görüş iştirakçıları Pənc çayı yaxınlığında şirkətin mədən fəaliyyətini müzakirə ediblər. Eyni zamanda tərəflər bir-birini hakimiyyətin əleyhdarlarına sığınacaq verməkdə, Əfqanıstan və Tacikistan ərazilərində təlim keçməkdə ittiham ediblər.

Mənbə bildirib ki, “Taliban”ı Bədəxşan vilayətində Əfqanıstan mədən idarəsinin rəhbəri Şəfiqullah Hafizi təmsil edib.

“Radio Ozodi” öz mənbələrinə istinadən yazır ki, bu videoda Tacikistan tərəfdən danışan şəxs Şəmsiddin Şoxin rayonundakı sərhəd dəstəsinin rəisidir.

Əfqanıstan mediasının məlumatına görə, “Taliban” hakimiyyətə qayıtdıqdan sonra hərəkatın komandirlərinə bağlı bir neçə şirkət Bədəxşanda Pənc çayı sahillərində qızıl və lapis lazuli hasilatı ilə məşğuldur. İndi bölgədə əfqanlarla yanaşı, Çin şirkətləri də qızıl hasil edirlər. “Radio Ozodi” bu yaxınlarda bir qrup çinli kəşfiyyatçının Şəmsiddin Şoxin ərazisindəki sərhəddən Tacikistana daxil olduğunu və saxlandığını bildirib.